3302
26 iyun — 13:12

ARDNŞ-də “maaşdan 2 faiz” əməliyyatı

“Dövlət Neft Şirkətinin idarə və müəssisələrində yaradılan həmkarlar təşkilatlarının müstəqil olmaması neftçilərin problemlərinin həllində çətinlik törədir”.

Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Təşkilat rəhbəri bildirib ki, ARDNŞ-in müəssisə və təşkilatlarında fəaliyyət göstərən həmkarlar təşkilatları işəgötürənin tabeliyindədir: “Əmək Məcəlləsinini 309-cu maddəsində bildirilir ki, qanunun tələblərinə əməl olunmasına ictimai nəzarət müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən həyata keçirilməlidir. Lakin neft sənayesində yaradılan həmkarlar təşkilatları müstəqil deyil. Onlar Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar Komitəsinin filialları kimi fəaliyyət göstərirlər. Buna görə də bu qurumlar işçilərin deyil, işəgötürənlərin hüquqlarını qoruyur”.

Təşkilatın apardığı monitorinqin nəticələrinə görə, ötən ildən indiyədək Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsi və yerli təşkilatlar tərəfindən ARDNŞ-in heç bir əmr və ya qərarına, əməkhaqqının azaldılması və ya qanunsuz ixtisarların aparılmasına etiraz edilməyib: “Halbuki bu sahədə kifayət qədər əmək qanunvericiliyinin pozulması hallarına yol verilib”.

M.Qəhrəmanlı qeyd edib ki,  ARDNŞ rəhbərliyi «Həmkarlar İttifaqı haqqında» qanunun 11-ci maddəsinin tələblərini mütəmadi olaraq pozur: “Məhz həmkarlar təşkilatlarının razılığı ilə ARDNŞ-in idarə və müəssisələrində işləyən bütün işçilərin əmək haqlarından 2 faizi məbləğində pul tutularaq Silahlı Qüvvələrə Yardım Fonduna köçürülür. Bu fond haqqında isə heç bir informasiya verilmir”.

Təşkilat rəhbəri həmkarlar təşkilatı tərəfindən məcburi üzvlük hallarına da münasibət bildirib: “Qanunun tələblərinə zidd olaraq həmkarlar təşkilatlarına üzvlük məcburidir. Belə ki, ARDNŞ-ə qəbul olan hər bir şəxs heç bir ərizə vermədən həmkarlar təşkilatının üzvü olur və onun əməkhaqqından 2 faiz üzvlük haqqı tutulur. Həmkarlar ittifaqlarına seçkilərin keçirilməsi zamanı müdiriyyətin və Respublika Həmkarlar İttifaqının müdaxiləsi nəticəsində üzvlərin deyil, bu orqanların təklif etdiyi şəxs “seçilir””. 

Ülviyyə

Virtualaz.org

Xəbərlər