1776
2 yanvar — 15:06

Səttar Mehbalıyevə cəza verilməsi tələbi ilə imza toplanır

Sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciət edilməsi üçün imzatoplama kampaniyasına başlanılıb.

Virtualaz.org saytı xəbər verir ki, müraciətdə məqsəd dövlət başçısından Qarabağ müharibəsi veteranı Zaur Həsənovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı cinayət işinin açılmasına göstəriş verməsini xahiş etməkdir.

“Cənab prezident! Məlumdur ki, Zaur Həsənovun özünü yandırması barədəki xəbər sizi möhkəm sarsıdıb. Və siz bir prezident olaraq onun həyatını xilas etmək üçün mümkün olan hər şeyi etdiniz. Amma Zaur Həsənovun aldığı yanıq xəsarətləri ağır olduğundan bu, mümkün olmadı.

Qarabağ veteranı özünü məmur özbaşınalığına və ədalətsizliyə etiraz əlaməti olaraq yandırdı. Zaur Həsənovu belə faciəvi qərarı verməyə məcbur edən səbəblər məmurların qanunsuz əməlləri, öz qulluq və səlahiyyət hədlərini aşması, şikayətlərə heç bir reaksiya verməməsi idi. Bütün bunlara baxmayaraq bu intihar faktı üzrə hələ də cinayət işi açılmayıb. Bu isə o deməkdir ki, Qarabağ əlilini intihar həddinə çatdırmış vəzifəli şəxslər cəzadan yayınacaqlar.

Cənab prezident, sizdən xahiş edirik ki, Baş Prokurorluğa Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin başlanması barədə göstəriş verəsiniz” - deyə dövlət başçısına müraciətdə bildirilir.

Xatırladaq ki, Qarabağ müharibəsi veteranı, II qrup əlil Zaur Həsənov dekabrın 25-də özünü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binası qarşısında yandırdı. Z.Həsənovu bu addımı atmağa sövq edən şəxs isə AHİK sədri, deputat Səttar Mehbalıyevdir. S.Mehbalıyev əlilin balaca çayxanası olan ərazini onun əlindən zorla alaraq obyekti dağıtdırmışdı.

Veteranın çoxsaylı müraciət və şikayətləri nəticəsiz qaldığı üçün 5 uşaq atası olan Zaur Həsənov özünü yandırmışdı. O, dekabrın 28-də axşam xəstəxanada vəfat etdi və səhərisi gün Bibiheybət qəbiristanlığında dəfn edildi. S.Mehbalıyev özünü bunda günahkar görməsə də mərhumun ailəsinə nəyə görəsə 100 min manat birdəfəlik yardım verib, üstəlik onun uşaqlarını həddi-buluğa çatana qədər himayəsinə götürdüyünü bəyan edib.

Virtualaz.org

Xəbərlər