3080
Bu gün 26 iyul — 00:51

Dövlət Aqrar Universitetinin yeni rektoru kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

Xatırladaq ki, universitetin bundan öncəki sabiq rektoru Mirdamət Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyindən, təhsil ocağında rəhbər vəzifə boş idi.

Modern.az yeni rektor İbrahim Cəfərovun tərcümeyi-halnı təqdim edir:

İ.Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub. 1974-1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçib.

1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutda tələbə olub, «Bitki mühafizəsi» fakültəsini bitirib.

1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası «Fitopatologiya» kafedrasının əyani aspirantı olub.

13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında  Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.

3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir.

2000-ci ildən Gəncə şəhərində əvvəlcə 39, sonra 38 saylı Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyir.

İ.Cəfərov bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.

Xəbərlər